Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanda Azərbaycandilli məktəblərə 20 mindən çox dərs vəsaiti göndərib – FOTO

Cəmiyyət Manshet

Azərbaycan Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün Gürcüstanda Azərbaycandilli məktəblərə I-XI siniflər üçün 20 622 ədəd Azərbaycan dili və ədəbiyyat fənləri üzrə dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsait göndərib. 

Nsa.ge APA-ya istinadən verdiyi xəbərə görə, dərsliklər Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təhvil verilib. 

Dərsliklər Gürcüstanın Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycandilli məktəblərə paylanılacaq. 

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov bildirib ki, 2011-ci ildən 2018-ci ilədək Azərbaycandan Gürcüstana təxminən 574 min dərs vəsaiti göndərilib. 

Qeyd edək ki, dərsliklərin mübadiləsi Azərbaycan və Gürcüstan birgə İqtisadi Komissiyasının 2011-ci ildə baş tutmuş VII iclasının protokoluna əsasən aparılıb. Dərs vəsaitlərinin 4 il üçün istifadə olunması nəzərdə tutulub. Dərsliklər Gürcüstana ayrılmış kvotalara uyğun ayrılıb. Bu təcrübənin növbəti illərdə də davam etdiriləcəyi bildirilib.