Baş nazir müsəlman Gürcüstan vətəndaşlarını bayram münasibətilə təbrik edib

Manshet Cəmiyyət

Gürcüstanın baş naziri Mamuka Baxtadze Qurban bayramı ilə əlaqədar Tbilisi Cümə məscidinə baş çəkib.

Nsa.ge xəbər verir ki, Mamuka Baxtadze Gürcüstanın müsəliman vətəndaşlarını Qurban Bayramı münasibətilə təbrik edib.

“Mənim üçün böyük şərəfdir ki, müsəlmanları Qurban Bayramı münasibətilə təbrik etdim. Bu bayram ümid, sevgi və yoxsullara yardım bayramıdır. Gürcüstanın gücü onun rəngarəngliyidir. Əsrlər boyu əcdadlarımız bir yerdə Gürcüstan dövlətini qurublar. Hər kəs ölkədə dostluq və qardaşlığı qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidir”, – dedi Mamuka Baxtadze.

Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Ramin İgidov, Şərqi-Gürcüstan müftisi Hacı Yasin Əliyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və din xadimləri də çıxış edərək müsəlmanları təbrik edib.