Məşhur veriliş Marneulidəki problemləri yayımladı-Video

Cəmiyyət Manshet


Gürcüstanın  məşhur “Xalq nəzarəti” verilişi bu dəfə Marneulidə olub.

Nsa.ge marneulifm-ə istinadən bildirir ki,  müxtəlif normaların pozuntularının aşkarlanmasına xidmət edən  televiziya verilişi Marneulidə bir neçə obyekti yoxlayıb. 

Belə ki, Marneuli bazarı ərazisi və küçə ticarətçiləri də “Xalq nəzarəti”nin obyektivinə düşüb. 

Verilişdə qeyd edilir ki, süd məhsullarının vizual görüntüsü, temperatur rejiminin qorunmaması, antisanitariya Marneuli bazarında qarşılaşa biləcəyiniz problemlərdəndir.

 Bu problemin aradan qaldırılması məqsədi ilə Marneuli meriyası bir neçə dəfə küçə ticarətçilərinə xəbərdarlıq edib, lakin problem bu günə kimi öz həllini tapmayıb.

Küçədə süd məhsulları satan satıcılarla söhbətdən əlavə,  “Xalq nəzarəti” bazar ərazisində olan bir neçə bərbərxanaya da baş çəkib. Həmin obyektlərdə əsasən antisanitariya və binada siqaret çəkilməsi faktları aşkarlanıb.

Bərbərxanalardan başqa Marneuli bazarı ərazisində yerləşən çörək bişirilən obyektlərdə də siqaret çəkilməsi halları aşkarlanıb.

Verilişdə göstərilir ki,  demək olar ki, bu obyektlərdə siqaret çəkilməsi ən yüngül pozuntu halıdır. Bu obyektlərdə sanitar normalara riayət olunmur, tavan uçub və keflənib, divar və döşəmədə isə tarakanlar, qarışqalar və digər həşəratlar gəzişir.

“Xalq nəzarəti”nin çəkiliş qrupu Marneuli 1 saylı uşaq bağçasında da olub. “Tut bağı” adlanan ərazidə yerləşən bağçada əsas problem kimi, isti suyun olmaması qeyd olunub. Buna görə də uşaqlar əllərini, işçilər isə qabları soyuq su ilə yumalı olurlar. Bağçada əsas problemlərdən biri də ayaqyoludur. Belə ki, burada havalandırma sistemi qaydasında deyil, unitaz isə cəmi bir ədəddir.

Veriliş Marneulidəki ən məşhur restoranlardan olan “Qafqaz” restoranına da baş çəkib. Restoranın meneceri çəkiliş qrupunun restorana daxil olmasına mane olmağa çalışıb, bu zaman isə əməkdaşlar mətbəxi yığışdırmağa və qida məhsullarını etiketləməyə başlayıblar.



Nsa.ge