Gürcüstan azərbaycanlılarının 60%-i özünü ölkə cəmiyyətinin tamhüquqlu üzvü hesab etmir

Cəmiyyət Manshet

Gürcüstanda yaşayan azərbaycanlıların yalnız 41,5%-i özünü ölkə cəmiyyətinin tamhüquqlu üzvü hesab edir.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Açıq Cəmiyyət Fondu və Sosial Araşdırmalar və Təhlil İnstitutunun (ISSA) bu gün təqdim etdikləri araşdırmada bildirilib.

Nəticəyə əsasən, azərbaycanlıların 58,5%-i özünün Gürcüstan cəmiyyətinin tamhüquqlu üzvü olmadığını düşünür.

Gürcüstanda milli azlıqları ən çox narahat edən problemlər işsizlik (67,4%) və yoxsulluqdur (52,5%). Azərbaycanlıları bu problemlərlə yanaşı narahat edən digər məsələlərə dövlət dili üzrə biliklərin az olması (43,5%), səhiyyənin əlçatanlığı (18,8%) və torpaq sahələrinin qanuniləşdirilməsi (16,7%) daxildir.

Yerli azərbaycanlıların 35,2%-i Gürcüstanda baş verən proseslər barədə ölkənin milli televiziya kanalları, 26,9%-i isə qeyri-rəsmi mənbələrdən əldə edir. Onların 6,8%-i informasiyalarla Azərbaycan, 29,1%-i isə gürcü dilində tanış olur.

Gürcüstan azərbaycanlıları arasında gürcü dili biliyi üzrə indeks 25 mümkün xaldan 9,6 xal təşkil edib.

Araşdırmada, ümumilikdə, 1314 respondent iştirak edib ki, onların da 267-si yerli azərbaycanlı olub.

Təqdimat mərasimində Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və milli azlıqların təmsil olunduğu QHT-lərin nümayəndələri iştirak ediblər. 

NSA.GE