Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi tərəfindən müstəqillik günü qeyd olunub

Cəmiyyət Manshet

26 May Gürcüstanın və 28 May Azərbaycanın müstəqillik günü Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi tərəfindən qeyd edilib.

Nsa.ge xəbər verir ki, 26 May Gürcüstanın Müstəqillik Günü münasibətilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) əməkdaşları, müəllim və tələbə heyəti M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinə səfər etmişlər.

Belə ki, ilk öncə gənclər “Gürcüstan Demokratik Respublikasının salnamələri” adlı sənədli filmə baxdılar. Daha sonra isə Gürcüstan və Azərbaycanın müstəqillik gününə həsr olunmuş “Dostluq”adlı sərgi ilə tanış oldular.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində təhsil alan gənclər daha sonra Tbilisi şəhərində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş bayram tədbirlərinə də qatıldılar.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 illiyi münasibətilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin əməkdaşları, müəllim və tələbə heyəti Tbilisidə botanika bağında yerləşən köhnə müsəlman qəbiristanlığını ziyarət etdilər.

GAİM-in əməkdaşları Azərbaycan Demokratik Respublikasının qurulmasında müstəsna xidmətləri olan Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Məmməd Həsən Hacınskinin qəbrləri önünə əklil qoydular. GAİM-in icraçı direktoru Aygül İsayeva gənclərə Azərbaycan Demokratik Respublikasının tarixi barədə gənclərə ətraflı məlumat verdi.

Həmçinin, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində təhsil alan gənclər üçün mərkəzdə “Son iclas” bədii-sənədli film nümayiş etdirildi.