Gürcüstan İraqda ömürlük həbsdə olan 3 uşaqlı azərbaycanlı qadının azad edilməsini tələb edir

Cəmiyyət Dünya Manshet

Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani ölkədə səfərdə olan İraqın xarici işlər nazirinin birinci müavini Nizar İssa Abdul-Hadi Al-Xairalla ilə görüşüb.

Nsa.ge xəbər verir ki, görüşdə İraqda ömürlük həbsə məhkum edilən Gürcüstan vətəndaşı Şəlalə Səmədova ilə bağlı məsələ də müzakirə olunub.

T.Tsulukiani Ş.Səmədovanın 3 azyaşlı övladının ötən ilin oktyabrında Gürcüstana qaytarılmasına göstərilən köməyə görə İraq tərəfinə minnətdarlığını bildirib.

Nazir Ş.Səmədovanın Gürcüstana təhvil verilməsi ilə bağlı İraqın ikitərəfli əmədakşlığı davam etdirəcəyinə və Ədliyyə Nazirliyinin tələbinin yerinə yetiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə həmçinin ikitərəfli əməkdaşlıq məsələləri və iraqlı atası tərəfindən oğurlanaraq İraqa aparılan Gürcüstanın yeniyetmə vətəndaşının işi də nəzərdən keçirilib.

Qeyd edək ki, 26 yaşlı Şəlalə Səmədova Gürcüstanın Laqodexi rayonunun Gəncəli kənd sakini olub. Onun Rusiya vətəndaşı olan milliyyətcə azərbaycanlı həyat yoldaşı İŞİD terror təşkilatına qoşulub. Hərbi əməliyyatlar zamanı onun ölməsinə baxmayaraq, İraqın qanunlarına əsasən, həyat yoldaşı terrorçuluqda müqəssir bilinən şəxslə nikahda olduğuna görə ömürlük həbsə məhkum edilib. Onların azyaşlı övladları qanuna uyğun olaraq həbsxanada saxlanılırdı. Uşaqlar müəyyən yaşa çatdıqdan sonra yerli uşaq evlərinə veriləcəkdi. Azyaşlılar ötən ilin oktyabrında Gürcüstana qaytarılıb.