Gürcüstan Prezidentinin katibi istintaqa ifadə verib

Manshet Cəmiyyət

Gürcüstan Prezidenti Salome Zurabişvilinin parlament üzrə katibi Dmitri Qabunia Baş Prokurorluqda istintaqa ifadə verib.

Nsa.ge-nin xəbərinə görə, D. Qabunia Prezident S. Zurabişvilinin avqustun 28-də imzaladığı əfv sərəncamı ilə əlaqədar başladılan istintaq çərçivəsində sorğu-sual edilib. 

Prezidentin katibinin dindirilməsi bir saatdan çox çəkib.

Qeyd edək ki, Gürcüstan Prezidenti S. Zurabişvili avqustun 28-də “Mariamoba” bayramı ilə əlaqədar 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunmuş üç nəfər və axtarışda olan bir nəfər də yer alıb.

Bildirilir ki, R. Davadze 2014-cü ildə polis əməkdaşını qətlə yetirib. A. Bejanidze 2004-cü ildə məşhur gürcü tarixçi Marik Lortkipanidzenin 18 yaşlı nəvəsini öldürüb, 12 il sonra həbs olunub. 1994-cü ildə gənc oğlanı qətlə yetirən Z. Nadiradze isə 23 il hüquq-mühafizə orqanlarından gizlənib, 2017-ci ildə həbs edilib.

Belə ki, Sərəncam ictimaiyyət arasında geniş narazılığa səbəb olub və “Avropalı Gürcüstan” partiyasının Baş Prokurorluğa müraciətindən sonra S. Zurabişvili barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə istintaq başladılıb. İddialar təsdiqini taparsa, prezident üç ilədək vəzifə tutmaqdan məhrum oluna və ya fəaliyyətindən məhrum edilməklə, üç ilədək həbs edilə bilər.