Gürcüstanda ali məktəblərə qəbul olan milli azlıqların sayı 5 dəfə artıb

Cəmiyyət Manshet

Ötən il Gürcüstanda milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramı ilə 1 231 abituriyent ali məktəbə qəbul olub.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin parlamentə təqdim etdiyi illik hesabatda bildirilib.

Sənədə əsasən, bu göstərici 2010-cu illə müqayisədə 5 dəfə çoxdur.

2018-ci ildə bu proqram əsasında tələbə adını qazananların 190 nəfəri dövlət qrantı hesabına təhsil alır.

Hesabatda qeyd olunub ki, milli azlıqlardan olan tələbələr arasında dövlət idarələrində təşkil olunan təcrübə proqramına maraq artır. Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri aparatının dəstəyi ilə 2017-ci ildən həyata keçirilən təcrübə proqramında bu günə qədər 269 gənc iştirak edib.

Qeyd edək ki, “1+4” proqramı artıq 8 ildir tətbiq olunur. 2018-2019-cu tədris ilində 788 azərbaycanlı gənc bu proqram üzrə Gürcüstan universitetlərinə qəbul olub. 

NSA.GE