Gürcüstanda azərbaycanlı ruhanilər üçün layihə həyata keçiriləcək

Cəmiyyət Manshet

Gürcüstanda azərbaycanlı ruhanilərə dövlət dilinin öyrədilməsi məqsədi ilə xüsusi layihə həyata keçiriləcək.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze Marneuli rayonunun Kosalı kənd mədrəsəsində keçirilən məzuniyyət tədbirində belə  deyib.

O, bildirib ki, bu etnik azlıqların inteqrasiya prosesində iştirakını sürətləndirmək üçün böyük önəm daşıyır. Tədbirdə iştirak edən  Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov bildirib ki, mütəxəssislər tərəfindən dövlət dilinin, eləcə də Azərbaycan dilinin mədrəsələrdə öyrədilməsinə başlanılmalıdır.

“Azərbaycan dilinin morfoloji, sintaktik normalarının ruhanilərə tədris edilməsi çox vacibdir. Çünki dini mesajlar Azərbaycan dilində çatdırılır və  bu baxımdan dil mükəmməl şəkildə öyrədilməlidir”,-deyə Ramin İgidov əlavə edib.

Qeyd edək ki, məzuniyyət tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Bütün Gürcüstan Müsəlmanlarının müftisi Yasin Əliyev iştirak edib.