Gürcüstanda Bakının işğaldan azad olunmasında iştirak etmiş türk əsgərlərinin xatirəsi əbədiləşdiriləcək

Manshet Cəmiyyət

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kənd qəbirstanlığında yerləşən 1918-ci ildə Bakının işğaldan azad olunmasında iştirak etmiş türk əsgərlərinin məzarları abadlaşdırılacaq.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə məzarlara baxış keçirəndən sonra Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqanbildirib.

Kənd ağsaqqalları İsrfail Bayramov və İmdad Məmmədov səfirə bildiriblər ki, qəbirstanlıqda Qafqaz İslam Ordusunun 7-8 əsgərinin məzarı var. Onların sözlərinə görə, sel suları və baxımsızlıq məzarların dağılması və itməsinə səbəb olub.

F.C.Yazqan kənd sakinlərinə türk əsgərlərinin xatirəsinə göstərdikləri ehtirama görə təşəkkür edib: “Şəhidlər unudulmamalıdır. Onların ruhuna hörmət etmək borcumuzdur”.

Səfirin sözlərinə görə, Bakının azad olunmasından sonra Gürcüstandan keçərək Türkiyəyə qayıdan bəzi türk əsgərləri vəba və digər xəstəliklərə yoluxaraq vəfat ediblər: “Gürcüstan hökumətinin dəstəyi ilə Qızılhacılı kənd qəbirstanlığında dəfn olunan türk əsgərləri ilə bağlı araşdırma aparılacaq. Onların məzarları abadlaşdırılacaq və xatirə lövhəsi ucaldılacaq. Bu tarixi yeri gələcək nəsillər üçün qoruyub saxlamaq lazımdır. Türkiyədən və Azərbaycandan gələn insanlar türk əsgərlərinin xatirəsini dərin ehtiramla yad edib onların ruhlarına dua oxuyacaqlar”.

F.C.Yazqanla yanaşı məzarların olduğu yerlə Türkiyə səfirliyinin məsul əməkdaşları, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Tbilisi koordinatoru Necla Demirdağ da tanış olub. Onlar türk əsgərlərinin məzarlarının olduğu yerə gül dəstələri qoyublar. 

NSA.GE