Gürcüstanda dini azlıqlardan olan ruhanilər gürcü dilini xüsusi proqramla öyrənəcəklər

Cəmiyyət Manshet

Gürcüstanda yaşayan müxtəlif dinləri təmsil edən ruhanilərin gürcü dilini öyrənmələri üçün yeni proqrama start verilib.

Nsa.ge Report-a istinadən xəbər verir ki, “Ruhanilər üçün dövlət dili” adlı proqramla bağlı Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi və Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbi arasında memorandum imzalanıb.

Sənədi Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze və Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbinin direktoru Ketevan Cakeli imzalayıblar.

Memorandumun əsas məqsədi dini azlıqlar arasında dövlət dilinin populyarlaşdırılması və vətəndaş inteqrasiyasına dəstək verməkdir.

Proqram çərçivəsində gürcü dilini öyrənməklə bağlı müsəlman və katoliklərdən olan 150 ruhani artıq arzusunu ifadə edib.

Z.Vaşakmadze bildirib ki, dövlət dilinin tədrisi ilə bağlı təşəbbüs təşkil olunmuş treninqlərdən sonra yaranıb: “Dini azlıqlardan olan nümayəndələr gürcü dilini kifayət qədər və ya ümumiyyətlə, bilmədiklərinə görə treninqin mövzusunu lazımı səviyyədə mənimsəyə bilməyiblər”.

Z.Vaşakmadze gələcəkdə “Ruhanilər üçün dövlət dili” proqramının daha da genişləndiriləcəyini qeyd edib.

İmzalanma mərasimində Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov və idarənin müftisi Hacı Yasin Əliyev də iştirak edib.

NSA.GE