Gürcüstanda həbs edilən İsrail vətəndaşı ölü tapılıb

Cəmiyyət Manshet

Gürcüstanın  Kutaisi həbsxanasında  İsrail vətəndaşı ölüb. 

Nsa.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xüsusi Penitensiar xidməti yayıb. 

Bildirilib ki, saxlanılan şəxs bir neçə gün öncə İsrail dövlətinin tələbinə əsasən saxlanılıb.

“Ölən şəxs 1958-ci il təvəllüdlü İsrail vətəndaşıdır. Gürcüstan polisi onu bir neçə gün əvvəl İsrail dövlətinin tələbi əsasında həbs edib. Həbs edilməsindən sonra ekstradisiya prosesinə başlanılıb. İsraildə təcavüz etməkdə ittiham edilən şəxs 3 avqust 2019-cu il tarixdə 2 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib”, – deyə açıqlamada deyilir.

Saxlanılan şəxsin avqustun 6-da tibbi yoxlanışı zamanı səhhətində heç bir problem aşkarlanmadığı və tibbi yardıma ehtiyac duymadığı bildirilib. 

Qeyd olunub ki, sözügedən İsrail vətəndaşı avqustun 7-də cəzaçəkmə müəssisəsində olduğu vaxt həkimə müraciət edib. Həkimin qeydinə görə, müttəhimə nevrotik diaqnoz qoyulub. Ona bir dəfə sedativ dərman verilib və planlı kardioloq məsləhətləşməsi tövsiyə edilib. Lakin  avqustun 11-də saat 08: 27-də məhbus yoldaşı tərəfindən huşsuz vəziyyətdə tapılıb. Səhər saat 08:30-da növbətçi həkim onun öldüyünü elan edib. 

Faktla bağlı İsrailin Gürcüstandakı konsulluğu məlumatlandırılıb. Həmçinin Gürcüstan Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin Qərb şöbəsi tərəfindən cinayət məcəlləsinin 116 (1) maddəsi ilə istintaq başlanılıb.