Gürcüstanda insan alveri ilə məşğul olan beynəlxalq cinayətkar dəstə saxlanılıb

Manshet Cəmiyyət

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis İdarəsinin əməkdaşlarının Baş Prokurorluq, Avropa Polis Təşkilatı, ABŞ və Avstraliya hüquq-mühafizə orqanları ilə həyata keçirdiyi ortaq əməliyyat nəticəsində yetkinlik yaşına çatmayan şəxslərin pornoqrafik materiallarının hazırlanması ilə məşğul olan 11 nəfərlik cinayətkar dəstənin üzvləri saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bİldirilib ki, saxlanılanlar arasında Gürcüstan vətəndaşları ilə yanaşı ABŞ və Avstraliya vətəndaşı da var.

Cinayətkar dəstənin əcnəbi üzvlərinin Tbilisidə kirayə qaldıqları mənzillərinə gizli kameralar yerləşdirərək azyaşlı qızların fotoşəkillərini çəkdiyi və bu şəkilləri xarici ölkələrdə satışa çıxardığı bildirilib. Cinayət fəaliyyətində qurban qismində 14 yaşdan aşağı qızların olduğu bildirilib. Cinayət qrupunun təşkilatçıların foto çəkmək müqabilində yeniyetmələrin valideynlərinə 500 – 3000 lari ödəniş etdiyi qeyd olunub.

Bundan başqa, polis ABŞ vətəndaşından Tbilisidə müxtəlif ticarət mərkəzlərində yerləşən terminallardan əldə edilmiş kriptovalyutalar da ələ keçirib.

Cinayətdə istifadə edilmiş avadanlıqlar müsadirə edilib. 

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri 17 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir.