Kaspidə yerli azərbaycanlılar yaşayan kəndin yolu bağlanıb, sakinlər aksiya keçiriblər – FOTO

Manshet Cəmiyyət

Gürcüstanın Kaspi rayonunun yerli azərbaycanlılar yaşayan Çanqilari (Qarabağlılar) kənd sakinləri magistral yol yaxınlığında etiraz aksiyası keçiriblər.

Nsa.ge Report-a istinadən xəbər verir ki, yerli sakinlər magistral yoldan kəndə gedən yolun bağlanmasına etiraz ediblər.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Kənd sakini Cəfər Rafiqoğlu “Report”a bildirib ki, bu yaxınlarda magistral yolun kənarına dəmir konstruksiyalardan hasarlanma quraşdırılıb:

“Magistral avtomobil yolundan kəndə qədər yol 100 ilə yaxın mövcud olub. Dəmir hasarlardan sonra kəndin magistral yolla əlaqəsi kəsilib. Magistral yolda piyada keçidi qoyulmayıb. Çanqilari kəndində 80-ə yaxın ailə yaşayır. Sakinlərin kəndə gediş-gəlişi olduqca çətinləşib. Yol bağlandığından şosseyə çıxmaq üçün bir neçə kilometr yol qət etmək tələb olunur. Avtobus və marşrut taksilər də kənd yaxınlığında saxlamırlar”.

Çanqilari sakinləri kəndi magistral yolla birləşdirən yolun açılmasını tələb edirlər.

Şida Kartli bölgəsinin qubernator müavini Simon Quledani Çanqilari kənd sakinləri ilə görüşüb. O, sakinləri narahat edən məsələnin Yollar Departamenti ilə müzakirə olunacağı və bir həftə ərzində cavabın veriləcəyini bildirib.