Liviyada saxlanılan Gürcüstan vətəndaşları azadlığa buraxıla bilər

Cəmiyyət Manshet

Liviyada saxlanılan Gürcüstan vətəndaşı olan dənizçilər ilin sonunadək  azadlığa buraxıla bilər. 

Nsa.ge-nin xəbərinə görə, bu barədə Gürcüstanın Xarici işlər naziri David Zalkaliani parlamentdə keçirilən fraksiya dinləmələri zamanı bildirib.

O deyib ki, hazırda Liviyada davam edən hərbi əməliyyatlar səbəbindən bu proses bir qədər ləngiyir.

“Birinci gündən danışıqlar prosesində fəal iştirak edirik. Bildiyiniz kimi, vəziyyət asan deyil, çünki Liviyada hələ də hərbi əməliyyatlar mövcuddur. Buna görə də bu proseslər obyektiv vəziyyət səbəbindən təxirə salınıb. Artıq dörd dənizçidən ikisini azad etmişik və onlar artıq Gürcüstandadır. Qalan ikisi – Kakaladze və Komaxidzenin də azadlığa buraxılması istiqamətində aktiv iş gedir. Artıq məhkəmə prosesləri keçirilib və onlara hökm oxunub. Əminəm ki, məsələ bu ilin sonuna qədər və ya daha tez həll ediləcək. Məsələ ilə bağlı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Liviyanın Xarici İşlər naziri ilə də görüşmüşəm”, – deyə D. Zalkaliani vurğulayıb.

Qeyd edək ki, 30 avqust 2017-ci ildə Liviyada Tanzaniya bayrağı altında üzən türk gəmisi həbs edilərkən 4 nəfər Gürcüstan vətəndaşı saxlanılıb. Onlardan ikisi hələ də Liviyada saxlanılır.