Marneuli imam Əli məscidi haqda Apellyasiya Məhkəməsi qərar çıxardı

Cəmiyyət Manshet

Gürcüstanın Apellyasiya məhkəməsi Marneuli İmam Əli (ə) adına olan məscidin qeydiyyatdan keçməmiş şurasının şikayətinə baxıb.

Gürcüstanın Apellyasiya məhkəməsi, Tbilisi şəhər məhkəməsinin  çıxardığı qərarını qüvvədən salaraq, Marneuli İmam Əli (ə) adına olan məscidin qeydiyyatdan keçməmiş şurasının tələbini təmin edib.

Bu haqda Nsa.ge-yə Umumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov bildirib.

“İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi xalqın xəbəri olmadan məscidi, sahibsiz mülk adı ilə şəxsi balansına keçirmiş və Gürcüstan Müsəlmanlar İdarəsi (GMİ) isə heç bir şəri və hüquqi haqqı olmadan, yazıb tələb edərək, İmam Əli (ə) məscidini 49 illiyinə öz idarəçiliyinə götürmüşdü.  

Bu məsələni yerli əhali və məscidin şurası eşidib biləndən sonra, kəskin etiraz edərək məhkəməyə baş vurdular. Tbilisi şəhər məhkəməsi, Məscid Şurasının əleyhinə qərar çıxardaraq, GMİ-nin idarəçiliyində saxlamışdı.”, -deyə Mirtağı Əsədov bildirib.

Mirtağı Əsədov 8 mayda keçirilən apellyasiya məhkəməsinin qərarını şərh edərkən deyib ki, Apellyasiya Məhkəməsi Tbilisi şəhər məhkəməsinin qərarını qüvvədən salıb.

“Məhkəmə Marneuli İmam Əli (ə) məscidini GMİ-nin balansından çıxararaq ( 49 illik icarə müqaviləsi ləğv edilir) geri İqtisadiyyat Nazirliyinin Balansına qaytarılması, bu mövzunun yenidən araşdırılmasına və mübahisəli məsələnin öz həllini tapsına qərar verdi”, –  ÜGMADİ-in sədri Mirtağı Əsədov bildirib.