Marneulili 3 övlad, 11 nəvə, 23 nəticə, 3 kötücəsi olan 100 yaşlı nənə

Manshet Cəmiyyət

Marneuli rayonuna məxsus Borçalıda Qaçağan kəndi bir çox özəllikləri ilə yanaşı, uzunömürlü sakinləri ilə də seçilir.
Elə mən özüm hazırda kənddə 100 yaşı keçmiş 3 nəfəri tanıyıram, amma bugünki qəhrəmanım yaddaşı, sağlamlığı, qıvraq olması ilə tamamilə fərqlənir.

Nənəxanım Abdulla qızı 1919-cu ildə Qaçağanda Nazaruşağı tayfasında anadan olub. Nənəxanımın anası Qazax rayonunun Şıxlı kəndindən Borçalıya gəlin köçüb və ana 40 günlük körpəsini heç bir ay bağrına basmamış vəfat edib.

Və Nənəxanıma xalası sahib çıxıb. Onu 5 yaşına qədər böyüdüb. Sonra atası “ daha özüm baxaram” deyərək övladına sahib çıxıb.
Nənəxanım nənə 1925-ci ildən Qaçağanda yaşamağa başlayıb. O, ailə ocağının tək varisi olaraq keşməkeşli həyat yaşayıb .

Uşaq yaşlarında Xanarxı deyilən çaya düşüb. Bir xanım təsadüfən onu görüb və xilas edib.
Nənəxanım nənə həmin gecə yuxuda ağ libaslı nurani bir kişinin başını sığalladağını və ona yüz ildən çox yaşayacağını dediyini görüb.
O, illərini pambıq, vazelik, tütün, kartof, soğan becərərək, barama saxlayaraq kolxoz və sovxozda keçirib. Bu fəaliyyətlərinə görə qabaqcıl əmək qəhrəmanı adına layiq görülüb.
Nənə deyir ki, Sovet hökuməti dağılana qədər bircə ay evdə qalırmış, il boyu işləyirmiş: “ O qədər dəmür-dümür vermişdilər ki…. “.

O, 1945-ci ildə qohumu Binnət kişi ilə ailə qurub.
Binnət kişi həyatını qızına həsr edən atasına həm kürəkən, həm də oğul olub.
Onlar bu evlilikdən bir qız, iki oğlana sahibi olub. 100 yaşlı nənə-babanın 74 illik münasibətindən 3 övlad, 11 nəvə, 23 nəticə, 3 kötücəsi var.
Ən əsası və elə maraqlısı da odur ki, bu böyük ailə səadəti barədə elə nənə özü mənə danışdı.
Maşallah! Onun yaddaşında, xatirələrində, nitqində, sağlamlığında heç bir problem yoxdur.
“Ay qızım, qocalığımı ondan bilirəm ki, əvvələr kəndin başında olan qızımgilə gündə 3 dəfə gedirdim, indi bircə dəfə gedə bilirəm”. ( gülür).

-Nənəxanım nənə, yaşıdlarınızda az qalıb. Kimin üçün darıxırsız?

-Az qalıb yox, ay bala, heç qalmayıb ki!. Hə, darıxdığım bir qonşum Pürüzdür. 85 yaşında öldü. İkimiz birləşib bir danbul ( alça ) ağacı əkmişdik. Dedik görək hansımız tək yeyəcək. İki il sonra Pürüz öldü. İndi hər gün yerin başına gedib, o ağacın altda Pürüzə dil deyib ağlayıram. O da məni kimi yurdda ərə getmişdi. Çox ortaq tərəflərmiz vardı. Dərdləşərdik, gaplaşardıq ( danışardıq). Ondan sonra heç kimə onu kimi yapışanmadım. Hər gün onu xatırlayıb ağlayıram.

-Nənə, 100 il ömür yaşayıbsız. Hamı bilmək istəyər ki, bunu necə bacarıbsız? Hazırda özünüzü necə hiss edirsiz?

-Lap gözəl!. Qətiyyən hökumət düzəldən şeyləri yemirəm, Allah düzəldənləri yeyirəm (gülür). Mağaza toyuğu, balığı kimi ərzaqlarda yemirəm. İki tikə ət payım varsa, onu da kababda xoşlayıram. Biraz çox gəzəndə ayağım ağrıyır. Amma buna baxmayaraq durmuram. Yuxudan hamıdan tez qalxıram. Bağda, bağçada çör-çöp yığıram. Buna da nəvələrimin acığı tutur. Deyirlər ki, Sən iş görəndə utanırıq. Deyirəm, a bala, məni saxlayan elə bu bağ-bağçada “eşələnməkdir” dana. Paltarımı da nə gəlinlərə, nə də dəmir gəlinə vermirəm. Nolub özümə ki?!

-Nənə, elə arzunuz varmı ki, hələ də onun real olmasını gözləyirsiz?

-Şükür bu günümüzə ,a bala! Arzum var, həmişə olub, yenə də arzulayıram!. İki oğul, bir qızım və onların övladları, nəvələri. Şükür hərəsi öz yerində, sıradan biridilər. Allahdan ən böyük arzum odur ki, onların heç birinin yoxluğunu mənə göstərməsin! Doğurdan da həyatda valideyinin övlad çiynində həyatdan köçməsi böyük arzudur.

Söhbətimiz bitəndən sonra nənə ilə vidalaşırıq. Nənəxanım nənə məni həyət darvzasına qədər ötürdü:
“ Nə zəhmət çəkib gəlirdin, ismarlayardın özüm gələrdim” dedi.
Və onun 12 il əvvəl “məndən xoşu gəlmə” əhvalatını xatırlatması məni öz yaddaşımdan utandırdı:

“ Səndən xoşum gəlir, bilirsənmi niyə? Səni Sevdagildə (nəvəsi) görmüşdüm”.
Bu əhvalatı elə dəqiq danışdı ki…
“Uzun ömür”, “qoşa qarıyasan” , “can sağlığı”, bu ifadələri çox eşitmişik, amma bu gün bu söz birləşmələrinin bir ailədə tətbiqinin, tam vəhdətininin canlı şahidi oldum.
Nənəxanım nənə və Binnət baba öz nəsil ağaclarının kökündə uzun ömür və cansağlığı ilə xoşbəxt ailə həyatı yaşayıb.
Bizə də “Maşallah” demək qalır. Bəd nəzərlərdən uzaq olasız!

Müəllif: EsRa Borçalı ( Esmira Ələkbərli )