Msxetada Qədir-Xum bayramı keçirilib – FOTO

Cəmiyyət Manshet

Gürcüstanın Msxeta bölgəsində Qədir-Xum bayramı keçirilib.

Nsa.ge xəbər verir ki, avqustun 20-i Msxetanın Çixiciri kəndində Qədir-xum bayramı münasibəti ilə mərasim təşkil olunub.

Belə ki, Kərbəlayi Pərviz Abdullayevin aparıcılığı ilə keçirilən məclis öncə Hacı Əli Nəqiyevin Quran tilavəti ilə başlayıb. Bunun ardınca tədbirdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Azərbaycanın paytaxtı Bakıdan ölkəmizə dəvət olunan tanınmış ilahiyyatçı alim Hacı Ramil Bədəlov çıxış edib.

İlahiyyatçılar çıxış edərək bayram münasibəti ilə bütün müsəlmanları təbrik edib və bu bayramın mahiyyətindən, İslam aləmində önəmindən geniş söhbət açıblar. Allahın peyğəmbərimizə (s) buyurduğu sonuncu sifarişi, vilayət məqamının əhəmiyyətini açıqlayıblar.

Tədbirdə Gürcüstanlı məddah Kərbəlayi Sid Həsənov şeir və ilahilər səsləndirib.

Həmçinin Msxeta rayon Bələdiyyəsinin sədri və Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri məclis iştirakçılarına öz təbrik və ürək sözlərini bildiriblər.

Bayram süfrəsi ətrafında təşkil olunan mərasim dua oxunmaqla sona çatıb.