Oktyabrın 2-si Gürcüstanda soyqırım günü elan oluna bilər

Cəmiyyət

Gürcüstanın Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili oktyabrın 2-nin gürcülərin soyqırımı günü kimi qeyd olunmasını tələb edir.

Nsa.ge Report-a istinadən xəbər verir ki, partiya qanun layihəsini artıq ölkə parlamentinə təqdim edib.

Ş.Natelaşvili bildirib ki, 1992-ci ilin oktyabrında Qaqra şəhərində gürcülərə qarşı görünməmiş soyqırımı törədilib: “Hətta şəhər stadionunda gürcülərin kəsilmiş başları ilə futbol oynanılıb. Ümid edirəm ki, Gürcüstan parlamenti qanun layihəsini dəstəkləyəcək”.

Partiya sədri deputatları qanun layihəsinin lehinə səs verməyə çağırıb.

Qeyd edək ki, Leyboristlər Partiyası artıq neçənci dəfədir oktyabrın 2-nin gürcülərin soyqırımı günü kimi qeyd olunması təklifi ilə çıxış edir. Lakin bu təkliflərə bu günə qədər rəsmi səviyyədə heç bir münasibət bildirilməyib.