Ombudsmanı: “Milli azlıqların mərkəzi dövlət qurumlarında təmsilçiliyi aşağı səviyyədədir”

Cəmiyyət Manshet

“Gürcüstanın mərkəzi dövlət qurumlarında milli azlıqların təmsilçiliyi aşağı səviyyədədir”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanı Nino Lomcaria “Milli azlıqların qərar qəbuletmə prosesində iştirakı” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, milli azlıq nümayəndələrinin qərar qəbuletmə prosesinə cəlb olunması istiqamətində çoxillik fəaliyyətə baxmayaraq, bu sahədə hələ də qaneedici nəticə əldə olunmayıb: “Milli azlıqların yığcam yaşadıqları bölgələrin yerli idarəetmə qurumlarında təmsilçiliyi müşahidə olunsa da, mərkəzi dövlət qurumlarında onların təmsilçiliyi aşağı səviyyədədir”.

N.Lomcaria bildirib ki, etnik azlıqlardan olan gənclər üçün dövlət idarələrində həyata keçirilən təcrübə proqramı bu istiqamətdə irəliləyişə nail olmağa imkan verir.

İnsan haqları üzrə müvəkkil qeyd edib ki, milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası orta məktəblərdən başlamalıdır: “Etnik azlıqların təhsil aldıqları məktəblərdə dövlət dilinin tədris keyfiyyətinin yüksəldilməsinə ehtiyac var”.

Dəyirmi masa milli azlıqların inteqrasiyası, dövlət dilinin tədrisindəki problemlər, mərkəzi dövlət strukturlarında təmsilçiliyi, ölkənin sosial-iqtisadi və siyasi həyatında iştirakı və digər mövzular üzrə müzakirələr aparılıb. Tədbirdə ombudsman yanında Milli azlıqlar şurasının üzvləri, etnik azlıqların təmsil olunduqları QHT təmsilçiləri iştirak ediblər.