Qardabani rayonunda 19 yaşlı qızı qaçıran iki nəfər saxlayıb

Manshet Cəmiyyət

Gürcüstanda polis Qardabani rayonunun Təzəkənd kəndində 19 yaşlı qızı qaçıran iki nəfəri saxlayıb. 

Nsa.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Təzəkənd kənd sakinləri 1990-cı il təvəllüdlü F. A və 1991-ci il təvəllüdlü İ. A həmkəndliləri 2000-ci il təvəllüdlü B. G-ni zorla avtomobilə mindirərək Marneulinin İkinci Kosalı kəndinə qaçırıblar və F. A onunla zorla evlənməyə çalışıb. Lakin B. G qaçmağa nail olub. Bundan sonra qızı qaçıran şəxslər də kənddən qaçıblar.

Həmin şəxslər Tbilisidə polisin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Faktla bağlı azadlıqdan qanunsuz məhrumetmə maddəsi ilə cinayət işi başlanıb.

Fakt təsdiqini taparsa, saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.