Satılmış oyunlara görə həbs edilən futbolçuların oyununa ömürlük qadağa qoyulub

Cəmiyyət Manshet

Gürcüstan Futbol Federasiyasının İntizam Komitəsi danışılmış oyunlara görə həbs edilən “Wit Georgia” klubunun beş üzvü – Giorgi Getiaşvili, Joni Şerozia, Nikoloz Maisuradze, Nodar Kiknaveladze və Paata Guduşaurinin futbol oyunlarında iştirakına ömürlük qadağa qoyub.

Nsa.ge xəbər verir ki, komitə bundan başqa “Wit Georgia”nın aktivindən 6 xal silib və klubu 50 min lari məbləğində cərimələyib.

İntizam komitəsi “Guria” komandasının iki oyunçusunun, “Lançxuti” komandasının üzvləri – Robert İmerlişvili və İrakli Bajelidzenin, həmçinin “Çiatura”nın üzvü İrakli Xuçuanın da futbol oyunlarında iştirakına müvəqqəti qadağa qoyub.

Qeyd edək ki, Gürcüstanda Dövlət Təhlükəsizlik Xidməti danışılmış oyunlara və nəticələrin manipulyasiyasına görə ötən ay 11 nəfəri həbs edib.

Onlardan 8-i müxtəlif klubların üzvü, 3-ü isə veteran futbolçu olub.

Təhlükəsizlik xidmətinin məlumatına əsasən, “satılan oyunlar” üçün qrup üzvləri 93.5 min lari (təxminən 34 min dollar) alıb.