Ərdoğan: Tüpürdüyümüzü yalaya bilmərik

Dünya

Rusiyadan S-400 zenit-raket kompleksinin alışı ilə bağlı razılaşma pozulmayacaq.

Nsa.ge “Habertürk”ə istinadən xəbər verir ki, bunu Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısından qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə deyib.

Prezident bildirib ki, S-400 məsələsi artıq bitib, hər hansı dönüş ola bilməz:

“Tüpürdüyümüzü yalamaq dövlət tərbiyəsinə, bir dövlət adamı kimi mənə də yaraşmaz. Belə bir şey edə bilmərik. Düşünürəm ki, iyul ayının ilk yarısında S-400 komplekslərinin tədarükünə başlanılacaq. Bu məsələdə qərarımız qətidir. Türkiyə qəsəbə dövləti deyil”.

ABŞ-dan F-35 qırıcılarının alışına gəlincə, Ərdoğan Türkiyənin üzərinə düşəni etdiyini bildirib:

“İndiyə qədər 1 milyard 250 milyon dollar ödəniş etmişik. Dörd ədəd F-35 təyyarəsini təhvil aldıq. İndi onlar Arizonadadır. Generalımızı göndərdik, pilotlar da orada təlim keçirdilər. Amma təyyarələri göndərmək vaxtı yetişəndə təəssüf ki, ABŞ tərəfi yanlış addımlar atdı. Bir müddət səbr edəcəyik”.