Azərbaycan gürcüləri “Müqəddəs Sameba” gününü qeyd etdilər – FOTO

Dünya

Azərbaycanın Qax rayonunda gürcülərin kompakt yaşadığı  İngiloy-Kötüklü  kəndində “Müqəddəs Sameba” günü qeyd olunub.

Nsa.ge xəbər verir ki, İngiloy-Kötüklü kənd tam orta məktəbin direktoru Masiko Babacanaşvilinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu bayram ilk dəfə qeyd olunur:

“2003-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və Gürcüstan Pravoslav Kilsəsinin patriarxı İkinci İlia burada olub. Neçə illərdir ki, bu günü gözləyirdik. Bunun üçün ölkə rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Bu hadisə Azərbaycanın nə qədər tolerant ölkə olmasının bariz nümunəsidir. Hər il 6 oktyabr kilsədə “Müqəddəs Sameba” günü qeyd olunacaq. Düşünürəm ki, bu bayram Azərbaycanla Gürcüstan arasında dostluğun möhkəmlənməsinə kömək edəcək”.

Vaxtilə həmin kənddə müəllim işləyən kənd sakini Vera Berqaşivili deyir ki, bu günü çoxdan gözləyib: “Ötən əsrin 90-cı illərindən bəri bu işlə məşğulam. Sovet dövründə məscidlər, kilsələr bağlanmışdı. Bizim bu kilsə də baxımsız vəziyyətdə idi. Azərbaycan müstəqil olandan sonra kənd sakinlərinin köməyi ilə bu kilsəni təmir etdik. O vaxtdan bu vaxta qədər kilsəyə gələn bütün nəzirləri yalnız kilsə üçün xərcləyirik. Onu qoruyub saxlamağa çalışdıq”.

Mərasimdə ölkəmzin din xadimləri, eləcə də Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Gürcüstanın Gəncə şəhərindəki baş konsulu Nikoloz İaşvili və digər şəxslər iştirak ediblər. 

Qeyd edək ki, Qaxın Kötüklü kəndində yerləşən və sahəsi 0.06 hektar olan “Müqəddəs Sameba” gürcü-pravoslav kilsəsi 1892-1894-cü illərdə Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək tikilib. Kilsə Mədəniyyət Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur.