Dünən hədələdiyi Türkiyəyə bu gün təriflər yağdırdı

Dünya

ABŞ prezidenti Donald Tramp dünən iqtisadiyyatını məhv etməklə hədələdiyi Türkiyəyə bu gün tərif dolu sözlər yazıb.

Nsa.ge Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Türkiyənin ABŞ-ın ən böyük ticarət ortağı olduğunu, noyabrın 13-də Vaşinqtonda Rəcəb Tayyib Ərdoğanla görüşəcəklərini deyib. O bildirib ki, Türkiyənin İdlibdə bir çox insanın həyatının xilas edilməsində rolu böyükdür:

“Rəsmi Ankara ABŞ-ın ticarət ortağı və NATO müttəfiqidir. İdlibdə insanların həyatının xilas edilməsində bizə kömək oldu. Türkiyə F-35-lərin polad gövdələrini hazırlayır”.

Tramp tərifin ardınca “Suriyadan çəkilmiş ola bilərik, amma kürdləri heç vaxt tərk etməyəcəyik” açıqlamasını da verib.

Xatırladaq ki, ABŞ prezidenti Türkiyə Suriyanın şimalında əməliyyatlara başlayacağı təqdirdə onun iqtisadiyyatını məhv edəcəyini bildirərək hədə-qorxu gəlmişdi.