AİB Şimal-Cənub dəhlizinin inkişafına Gürcüstana 415 mln. dollar kredit ayırıb

İqtisadiyyat Manshet

Asiya İnkişaf Bankı (AİB) Gürcüstanda Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə 415 mln. ABŞ dolları kredit ayrılmasını təsdiqləyib.

Nsa.ge xəbər verir ki, genişmiqyaslı infrastruktur layihəsinə əsasən, ilk mərhələdə Kveşeti-Kobi yolunun inşası nəzərdə tutulub.

“Koridor Gürcüstanın regional ticarət partnyorları ilə əsas tranzit istiqaməti olacaq. Paytaxt Tbilisidən də keçəcək Şərq-Qərb magistral yolu ilə də kəsişən layihə Mərkəzi və Şərqi Asiya ilə Avropa arasında ən qısa magistral yoldur”, – deyə AİB-nın bəyanatında bildirilib.

Qeyd olunub ki, 2015-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə 1,3 mln. ton yük daşınıb. Bu, Gürcüstanın bütün daşımalarının 12%-ni, Gürcüstan ÜDM-nin isə 7%-ni təşkil edib.

Gürcüstan ərazisində icra ediləcək layihənin ümumi dəyəri 558,6 mln. dollardır. Layihənin icrasına 60 mln. dollar Avropa Yenidənqurma və İnkişaf Bankı, 83,6 mln. dollar isə Gürcüstan hökuməti tərəfindən ayrılacaq. Çətin keçilən ərazi səbəbi ilə layihə çərçivəsində ümumi uzunluğu 11 km olan 5 tunel və uzunluğu 1,6 km olan 6 körpünün inşası planlaşdırılır.

Yolun tikintisinə 2020-ci ildə başlanacağı bildirilib.