Biznes Ombudsmanının müavini: “Gürcüstanda Avro-5 standartlı dizelə tədricən keçilməlidir”

Manshet İqtisadiyyat

“Gürcüstanın Biznes Ombudsmanı Avro-5 standartlı dizel yanacağına keçidi bir il müddətinə gecikdirməyin tərəfdarıdır”.

Nsa.ge xəbər verir ki, Gürcüstan Biznes Ombudsmanının müavini Levan Kalandadze belə deyib.

O bildirib ki, Biznes Ombudsmanı İdarəsi neft idxalçılarının bazarda balansın qorunması, ölkənin enerji təhlükəsizliyinin təhlükə altına düşməməsi və istehlakçı maraqlarına cavab verilməsini əsas gətirərək irəli sürdüyü tələbləri nəzərə alır.

“Hazırda Gürcüstan dizel yanacağını Azərbaycan, Türkmənistan və Rusiyadan idxal edir. Avro-5 standartlı dizelə avtomatik keçiddən sonra biz Rusiya məhsullarından tam asılı vəziyyətə düşəcəyik. Baxmayaraq ki, Türkmənistan yanacağı da idxal edilir, aşağı qiymətli Rusiya məhsulları tezliklə Türkmənistanı bazardan sıxışdırıb çıxaracaq. Bir il sonra Azərbaycan Avro-5 standartlı dizeli istehsal etməyə başlayanda isə bugünkü balansı qaytarmaq çox çətin olacaq”, – deyə L. Kalandadze bildirib.

L. Kalandadze qeyd edib ki, dizel yanacağında Avro-4 standartından Avro-5-ə keçid tədricən olmalıdır və Azərbaycan istiqamətində baş verməlidir.

Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin sədri Vano Mtvralaşvili isə qeyd edib ki, idxalda diversifikasiyanın olmaması ölkənin vahid ixracatçıdan asılı vəziyyətə düşməsinə səbəb ola bilər.

“Azərbaycan ənənəvi olaraq Gürcüstanın neft məhsulları da daxil olmaqla  stabil enerji təchizatçısıdır. Ölkənin üzləşdiyi riskləri nəzərə alaraq deməliyik ki, enerji resursları diversifikasiya olmalıdır. Azərbaycanın bazarı tərk etməsindən sonra ölkə Rusiya məhsullarından tam asılı vəziyyətə düşə bilər. Alternativ olmalıdır. SOCAR da bir il vaxt istəyir və ehtimal var ki, bir ildən sonra bizə Avro-5 standartlı dizel yanacağı tədarük etmək üçün hazır olacaq” – deyə V. Mtvralaşvili deyib.

Qeyd edək ki, Gürcüstan 2020-ci ilin 1 yanvar tarixindən  etibarən Avro-4 standartlı dizelin idxalını dayandıracaq.