Gürcüstanın xarici ticarət dövriyyəsinin mənfi saldosu 3,3 mlrd. dollara çatıb

Manshet İqtisadiyyat

Bu ilin yanvar-avqust aylarında Gürcüstanın ticarət dövriyyəsinin ixracı 2 411,6 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstanın MDB ölkələrinə ixracı 24,2% artaraq 1 274,0 mln. dollar təşkil edib. Bu, ölkənin ümumi ixracının 52,8%-nə bərabər olub.

Cari ilin səkkiz ayı ərzində Gürcüstanın Avropa İttifaqı ölkələrinə ixracı 571,1 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 25,3% çoxdur və ölkənin ümumi ixracının 23,7%-nə bərabərdir.

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstanın ixracda tərəfdaş ölkələrinin ilk onluğuna Rusiya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Ukrayna, Türkiyə, Rumıniya, Çin, ABŞ və Özbəkistan daxil olub.

Qeyd edək ki, hesabat dövründə Gürcüstanın idxalı 4,4% azalaraq 5 714,5 mln. dollar təşkil edib. Xarici ticarətdə mənfi saldo 3 302,9 mln. dollara bərabər olub.