KİV: Rusiya və Gürcüstan arasında hava nəqliyyatı noyabrda bərpa oluna bilər

Manshet İqtisadiyyat

Rusiya və Gürcüstan arasında birbaşa hava nəqliyyatı noyabr ayında bərpa oluna bilər.  

Nsa.ge-nin xəbərinə görə, bu barədə “İnterfaks” adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.  

Bildirilib ki, uçuşların bərpası üçün bir sıra iki tərəfli proseslərin həyata keçirilməsi tələb olunur.  

“Hökumət bu barədə qərar qəbul etdikdən sonra “Rosavia” sərnişin trafikinin yenilənməsini nəzərdən keçirəcək. Bundan sonra hava yolu şirkətləri sərnişin və karqo daşımaları üçün 2-3 həftəlik cədvəllər hazırlayacaqlar. Bu barədə hələlik heç bir rəsmi qərar verilməyib. Amma əgər qarşıdakı bir neçə gün ərzində rəsmi qərar verilsə, bütün məsələlər noyabra kimi həll ediləcək”, – deyə qeyd olunub.  

Kremlin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirib. O deyib ki, rəsmi Moskva iki ölkə arasında uçuşların bərəpası üçün zəruri addımların atılacağına ümid edir: “Hava nəqliyyatı dayandırılıb, birdəfəlik ləğv edilməyib. Ona görə də biz ümid edirik ki, uçuşların bərpası üçün bütün zəruri addımlar atılacaq”.

Xatırladaq ki, Rusiya ilə Gürcüstan arasında münasibətlər bu il iyun ayının 19-20-də Tbilisidə keçirilən antirusiya mitinqlərindən sonra gərginləşib. Bundan sonra iki ölkə arasında uçuşlar Rusiya Prezidenti Vladimir Putinin iyunun 21-də imzaladığı fərmana əsasən, iyulun 8-dən etibarən dayandırılıb. Rusiya Nəqliyyat Nazirliyi qərarı Gürcüstan Hava Yolları şirkətinin ödənməmiş borcları və hava nəqliyyatı təhlükəsizliyinin təmin edilməsi üçün adekvat tədbirlərin görülməsi ilə əlaqələndirib.