Rusiya Tiflisə 400 milyard ziyan vurub – Arçvadze

Manshet İqtisadiyyat

Gürcüstan kifayət qədər çox şeyə görə Rusiyadan asılıdır. Yaxşı olardı ki, bu asılılıq azaldılsın.

Nsa.ge xəbər verir ki, bunu iqtisadçı Soso Arçvadze deyib.

“İlk növbədə mən buğdanı misal göstərmək istəyərdim. Keçən il buğda idxalının 99%-i Rusiyadan daxil olub. Cari ildə bu göstərici bir qədər zəifləsə də, yenə yüksək olaraq qalır. Hələ də buğda ehtiyatımızın üçdə ikisini Rusiyadan alırıq. Neft məhsullarının isə 30%-i Rusiyadan daxil olur. Ona görə də bəzi istiqamətlərdə Rusiyadan asılılığımız kifayət qədər həssasdır. Maraqlı bir tendensiya yaranır. Gürcüstana il ərzində daxil olan rus məhsulları Gürcüstandan gedəndən çoxdur. Ortalama olaraq Gürcüstanda xərclənən hər 100 dollardan təxminən 40 dolları Rusiyaya gedir. Belə çıxır ki, Rusiya Gürcüstandan kifayət qədər böyük məbləğ aparır. 2012-ci ildən cari ilin iyun hadisələrinə qədərki dönəmdə bizim Rusiya ilə mənfi ticarət saldomuz nə az, nə çox, 3,2 milyard dollar təşkil edir. Yəni Rusiya Gürcüstanla ticarətdə ölkədən bu qədər həcmdə pul aparıb”, – deyə o bildirib.

İqtisadçı həmçinin Moskvanın Gürcüstana son 30 ildə vurduğu iqtisadi zərbənin milyardlarla dollar olduğunu deyib:

“Rusiya siyasəti ucbatından Gürcüstana son 28 il vurulan zərər təxminən 400 milyard dollardır. Gürcüstan iqtisadiyyatı hər dəqiqə 27.000 dollar itirir. Yəni Rusiyanın aqressiv siyasəti ucbatından biz dəqiqədə 27.000 dollarlıq məhsul istehsal edə bilmirik. SSRİ-nin süqutundan sonra Gürcüstanda iqtisadi tənəzzül istənilən postsovet ölkəsindən yüksək olub. Bununla belə, heç kim deyə bilməz ki, gürcülər digərlərindən daha az bizneslə məşğul ola bilirlər. Əksinə SSRİ aşkarlığa keçəndə Gürcüstanda “yeraltı istehsal” kifayət qədər yaxşı inkişaf etmişdi. Buna rəğmən ölkə bazar iqtisadiyyatına keçdiyini rəsmən elan edəndə Gürcüstanın əsas iqtisadi göstəricisi qəfildən düşdü. Bu məhz Rusiyanın siyasətinin nəticəsi idi. Bu gün nə Gürcüstan, nə Moldova, nə də Ukrayna 1989-cu ildə qeydə alınan iqtisadi göstəriciyə çatıb. Digər postsovet ölkələrinin hamısı artıq bu səviyyəni adlaya biliblər. Rusiyalı siyasətçilər gürcü həmkarları ilə danışıqlar zamanı səmimi şəkildə etiraf edirlər ki, onlar bizim yaxşı yaşamamağımız üçün çalışırlar. Əgər Gürcüstan inkişaf etsə, bu, Rusiyadakı federal qurumlar üçün pis göstərici olacaq və onların da müstəqillik arzuları peyda olacaq”.