Əhməd İmamquliyev: “Xalqın meriya ilə əlaqəsi kəsilib”

Manshet Siyasət Yazarlar

“Marneuli əhalisinin 90 faizə yaxını azərbaycanlı olmasına baxmayaraq ən böyük problemimiz  Azərbaycan türkcəsi ilə bağlıdır”.

Bunu Nsa.ge-yə açıqlamasında  “Avropalı Gürcüstan”  siyasi partiyasının Marneulidə merliyə namizədi Əhməd İmamquliyev deyib.

Onun sözlərinə görə, hazırda Merneuli  meriyasında bütün fəaliyyətlər dövlət dilində aparalır və buranın vətəndaşı olan digər millətlər nəzərə alınmır:

“Hakimiyyət bu məsələyə diqqət yetirmir. Meriyanın yayımladığı bütün məlumatlar yalnız dövlər dilindədir. Dil problemi olduğu üçün vətəndaşlar meriya ilə yaxından əlaqə yaradıb, problemlərini bildirə bilmir.  Bu səbəbdən xalqın meriya ilə əlaqəsi kəsilib. Gürcüstanın qanunlarına görə, meriya dövlət dilində fəaliyyət göstərməlidir. Bununla  razıyam, amma etnik azlıqlar olaraq biz də bu ölkənin vətəndaşlarıyıq və  meriyada fəaliyyətlərin 2 dildə aparılması ilə bağlı tələbimiz qanunla məhdudlaşdırılmır”.

Əhməd İmamquliyev meriya seçkiləri ilə bağlı artıq fəaliyyət planlarının hazır olduğunu diqqətə çatırıb. Belə ki, qeyd edilən dil məsələsinin də planda yer aldığını vurğulayıb.

İmamquliyev meriyada 2 dildə fəaliyyəti təmin etmək üçün yeni təşəbbüslər hazırladıqlarını  deyib.

Partiya üzvü Marneulidə digər böyük problemin təhsil sistemi ilə bağlı olduğunu  bildirib:

“Mən və komandam üçün ən önəmli prioritetlərdən biri təhsil sistemdir. Təhsil də ilk öncə uşaq bağçalarından başlayır. Marneulidə mövcud uşaq bağçalarının təmirə ehtiyacı var. Həmçinin, məktəblərin də tikinti və təmiri  həyata keçirilməlidir. Məhz bu səbəbdən qeyd edilən məsələni diqqətdə saxlayacağıq”.

Əhməd İmamquliyev son 30 ildə Marneulidən dünya miqyasında tanınmış idmançının yetişməməsinə görə hakimiyyətin yanaşmasını tənqid edib:

“Bu, bizim genetikamız ilə bağlı deyil. Tarix də sübut edir ki, həmişə Borçalıda güclü idmançılar yetişib və  Gürcüstanı digər ölkələrdə tanıdıb. Əslən Boraçalıdan olan güclü, tanınmış  idmançımız  Zabit Səmədovu Gürcüstan qoruya bilmədi.  Bunlar hamısı hakimiyyətin bizim millətə qarşı yalnış, laqeyid yanaşmasında irəli gəlir. Hazırda Marneulidə və digər kəndlərdə demək olar ki, normal şəraitdə idman zalları yoxdur.  Məşqçilər tələbələrini “padvallar” da hazırlayır. Kənd yerlərində isə ümumiyyətlə idman zalı yoxdur”.

Namizəd qalib gələcəkləri təqdirdə fəaliyyət planlarının icrası zamanı bu problemi nəzərə alaraq yeni  idman zalları, futbol meydançalarının tikintisini nəzərdə tutduqlarını deyib.

Məlumata görə, partiyanın fəaliyyət planındakı bütün proqramlar partiyanın mövcud vəziyyətlə bağlı müşahidə etdiyi problemlər və onların həll yolunun izahından ibarətdir.

Partiya üzvü Marneulidə hələ də su probleminin qaldığını və bununla bağlı da yeni təşəbbüslərinin olduğunu bölüşüb.

Namizəd digər siyasətçiləri də partiyanın yox, həmişə xalqın yanında olmağa səsləyib. Əhməd İmamquliyev seçki kampaniyası ərəfəsində  tez-tez xalqla görüşlər keçirdiyini deyib:

“Xalqımızın yaşadığı kəndlərə gedirik. Onların problemlərini dinləyirik. Elə yerindəcə həmin problemlərin həlli ilə bağlı məsləhətlər veririk”.

Nahid Kurbanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 6 =