“Bizim əməkdaşlara yüksək məbləğdə pul təklif olunur” – Müsahibə

Manshet Siyasət

Məlumat verdiyimiz kimi, mayın 19-da Marneulidə mer seçkiləri keçiriləcək. Artıq bir müddətdir bu istiqamətdə partiyaların aktviliyi müşahidə edilir. Belə ki, artıq bir neçə partiya merliyə namizədini rəsmi olaraq təqdim edib.

Müşahidələrimiz göstərir ki, partiyalar və namizədlər seçki kampaniyasına başlayır.

News Space Agency olaraq bu sahəni diqqətdə saxlayır və oxucularımıza mütəmadi aktiv, ətraflı məlumat verməyə çalışırıq.

Bunu nəzərə alaraq partiyalardan namizədlik irəli sürən şəxslərlə danışaraq, oxucularımızı maraqlandıran məqamlara onların özləri ilə aydınlıq gətirmək qərarına gəldik.

Bir müddət öncə Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) Marneuli rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsinə Aqil Mustafayevin namizədliyini rəsmən təqdim etdi.

Nsa.ge-nin Aqil Mustafayevlə müsahibəsini təqdim edirik:

-Aqil bəy, müşahidələrimiz göstərir ki, artıq seçki kampaniyasına başlayıbsız. Bu istiqamətdə işlər nə yerdədir?

-Bəli, haqlısınız. Biz artıq aprelin 13-dən seçki kampaniyamıza start verdik. Fəaliyyətimiz çərçivəsində bu gündən yerli vətəndaşlarla görüşlərimiz başladı. Bu istiqamətdə yüksək formada çalışırıq.

-Kampaniya müddətində nəzərdə tutduğunuz planlarınız nədir? Xüsusi olaraq hansı məsələlərə diqqət edirsiniz?

-Kampaniya çərçivəsində əsas diqqət etdiyimiz əhali ilə görüşlərdir. Buna görə də çalışırıq ki, həmişə xalqla yaxın olaq. Nümayəndlərimiz daim Marneuli xalqı ilə görüşür, onları dinləyir. Növbəti planımız kəndlərdə görüşlə təşkil etməkdir. Hazırda rayon və kəndlərlə bağlı fəaliyyət proqramımız üzərində işləyirik ki, kəndlərə gedəndə artıq əlimizdə konkret planımız olsun. Seçicilərimiz ilə görüş formatını, görüşdə biz tərəfdən iştirak edən şəxslərin müəyyən edilməsi kimi məqamlara diqqət edirik. Məsələn, bugünki görüşdə partiyamızın sədri Qriqol Vaşadze də bizimlə idi.

-Aqil bəy, seçki kampaniyası ilə bağlı hansısa çətinliklərlə üzləşirsinizmi? Sizə və nümayəndələrinizə qarşı təzyiqlər olurmu?

-Bəli, bir neçə gündür hakimiyyət tərəfindən bizim fəal iştirakçılarımıza qarşı təzyiqlər başlayıb. Xüsusi qeyd edim ki, bu hədə-qorxular əvvəlkilərdən daha fərqli və ciddi formadadır. Hətta hakimiyyət sosial şəbəkələrdə partiyamızı dəstəkləyən mənim dostlarımı və bizə yaxın olan adamları izləyir. Onlara müxtəlif formada təzyiqlər edərək öz tərəflərinə çəkməyə çalışırlar. Məsələn, obyekti olan, bizi aktiv formada dəstəkləyənləri onlara problem yaradacaqları ilə təhdid edirlər. Seçicilərə müxalif partiyanın nümayəndəsini dəstəkləməyin onlar üçün yaxşı nəticələrə səbəb olmayacağını deyirlər. Hətta hakimiyyət bizim nümayəndələrə yüksək məbləğdə pul təklifləri də edir ki, bizi tərk edib, onlara qoşulsunlar.

-Maraqlıdır, digər partiyalardan fərqliliyiniz və üstünlüyünüzü nədə görürsüz?

-Bunu tam səmimi qeyd etmək istəyirəm. Ən böyük üstünlüyümüz bu gün Marneulidə xalqın böyük hissəsinin bizimlə olmasıdır. Digər özəlliyimiz isə partiyamızın 2003-2012-ci illərdə xalq üçün etdiyi uğurlu fəaliyyətdir. Bizim həmin dövrdəki müsbət yönümlü siyasətimizə bütün Gürcüstanda yaşayan gürcüstan vətəndaşları, eyni zamanda Marneuli sakinləri şahidlik etdi. Təəsüflər olsun ki, indi xalq yaxşı bilir ki, o dövrdəki Gürcüstan ilə indiki tamamilə fərqlidir.

-Partiyanız qalib gələrsə, Marneulinin inkişafı, əhali üçün hansı yenilikləri etməyi planlayırsız?

-Əslində, bununla bağlı planlarımız çoxdur. Qalib gəldiyimiz təqdirdə öncə Marneuli sakinlərinə daha yaxşı formda xidmət göstərmək üçün indiki sistemi yeniləməyi düşünürük. İndi hakimiyyətin xalqla kifayət qədər maraqlanmadığını hesab edirik. Qalib olandan sonra xalqla birgə mövcud problemlərin həlləri üçün çalışacağıq. Belə ki, gündəlik olaraq onların problemlərini dinləyib, hər zaman yanlarında olub, qayğı göstərib, can yandıraraq çətinlikləri aradan qaldırmağı hədəfləyirik. Hamımıza bəllidir ki, hazırda bütün Marneuli ərazisində bir çox yol, infrastruktur əsasən də su problemləri var. Bunlar vətəndaşları ən çox incidən məsələlərdir. Qeyd edilənlər üzərində işləyib, həll vasitələri tapmalıyıq ki, vətəndaşlarımızı bu problemlərdən qurtara bilək.

Eyni zamanda, meriyada bu gün ayrı-seçkilik, kimlərinsə vasitəsi ilə müvafiq vəzifələrə təyinatlar görürük. Buna birdəfəlik son qoymaq üçün əlimizdən gələni edəcəyik. Kimlərinsə vasitəsi ilə deyil, əsasən təcrübəli insanları işlərə cəlb edəcəyik, müvafiq strukturlara onları yerləşdirəcəyik. Onu da xatırlatmaq istəyirəm ki, Marneulidə və meriyanın başqa-başqa nümayəndəliklərində rüşvət halları artmağa davam edir. Rüşvət hallarının qarşını mütləq şəkildə alacağıq. Bunun üçün bizim keçmiş hakimiyyət dövründən uğurlu təcrübəmiz var. Əsas olaraq bir neçə istiqamətli işlərə başlayacağıq. Yenidən Marneulidə rüşvətxorluğa qarşı öz imkanlarımız daxilində iş yerləri açmağa çalışacağıq. Meriyanın bütün strukturları mütləq şəkildə Marneuli əhalisini narahat edən bütün problemlərin həlli üçün çalışmalıdır.

-Aqil bəy, yeni iş yerləri yaratmağı vurğuladız. Oxucularımız üçün də maraqlı olardı, tam olaraq nəyi nəzərdə tutursuz?

-Marneuli meriyası olaraq xarici təşkilatları, investisiyaları bu bölgəyə cəlb etməyə çalışacağıq. Məqsədimiz odur ki, onlar bu şəhərə diqqət göstərsinlər və öz yatırımlarını bizim ərazilərdə həyata keçirsinlər. Bu da o deməkdir ki, Marneuli sakinləri bu imkandan uğurla, səmərəli istifadə edə biləcək.

NSA.GE