Azərbaycanlı deputat: “Azərbaycan və Gürcüstan parlamentariləri ölkələr arasındakı münasibətlərin pozulmasına imkan verməməlidirlər”

Manshet Siyasət

“Azərbaycan və Gürcüstan hər zaman bir-birinə yaxın və dost ölkələr olublar. Ölkələr arasında strateji tərəfdaşdlıq mövcuddur”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bəzən bu tərəfdaşlığa zərər yetirməklə bağlı cəhdlər olur: “Bu cəhdlər yolverilməzdir və onların araxasında üçüncü qüvvələr durur. Həmin qüvvələrə Azərbaycan və Gürcüstan arasındakı yaxın tərəfdaşlıq münasibətləri sərf etmir. Son vaxtlar Keşikçi Dağı ilə bağlı təxribat xarakterli cəhdlər olur”.

A.Quliyev qeyd edib ki, iki ölkə arsaında tarixən heç bir münaqişə olmayıb və istənilən mübahisəli məsələ tərəfdaşlıq mühitində həll olunur.

Deputat Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfərini də şərh edib: “Gürcü spikerin Azərbaycana rəsmi səfəri mühum hadisədir. Bu səfər ölkələr arasındakı siyasi dialoqu dərinləşdirməyə imkan verəcək. Parlamentarilər iki dost və qardaş ölkə arasındakı münasibətlərin hər hansı bir üçüncü tərəfin marağına görə pozulması və ya zədələnməsinə imkan verməməlidirlər”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar – Asim Mollazadə və Sevinc Fətəliyeva ATƏT PA-nın dəstəyi ilə keçirilən “Parlament nəzarəti: Məsuliyyətə cəlb etmə qüvvəsi” adlı konfransda iştirak etmək üçün Gürcüstanda rəsmi səfərdədirlər. Səfər iyunun 9-da başa çatacaq.