Batumidə Şərq tərəfdaşlığı üzrə I İnvestisiya Forumu keçiriləcək

Siyasət

Gürcüstanın Batumi şəhərində iyulun 11-də “Şərq tərəfdaşlığı” üzrə I İnvestisiya Forumu keçiriləcək.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Forumun açılışında Gürcüstanın baş naziri Mamuka Baxtadze və Estoniyanın hökumət başçısı Yuri Ratas iştirak edəcəklər.

Tədbirdə 400-dən çox nümayəndənin iştirakı gözlənilir.

Forumda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Azərbaycan, Belarus, Ermənistan, Ukrayna və Moldovanın yüksək vəzifəli şəxsləri, investisiya agentlikləri və beynəlxalq təşkilatların nümayəndələri, iri biznesmenlər, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının təmsilçiləri iştirak edəcəklər.

Tədbir çərçivəsində energetika, infrastruktur, kənd təsərrüfatı, ticarət və digər əhəmiyyətli sektorlara aid sessiyalar keçiriləcək. Tədbirin məqsədi Gürcüstan və “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrə Avropadan daha çox investisiyaların cəlb olunmasıdır.