DTX: Gürcüstanda terror təşkilatlarının potensial tərəfdarlarının sayı xeyli azalıb

Manshet Siyasət

“Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti ölkədə terror təşkilatlarının potensial tərəfdarlarının sayını xeyli dərəcədə azaldıb”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsinə namizəd Qriqol Liluaşvili parlamentdə keçirilən dinləmədə çıxışı zamanı bildirib.

Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitədə çıxış edən Q.Liluaşvili deyib ki, DTX terrorçularla əlaqəli olan şəxslərin Gürcüstan ərazisindən tranzit kimi istifadə etməsi cəhdlərini minimuma endirib.

Onun sözlərinə görə, Gürcüstan beynəlxalq terrorizmə qarşı mübarizədə tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edir.

Q.Liluaşvili qeyd edib ki, terrorizm, ekstremizm və radikallaşma ilə mübarizə sahəsində dövlət qurumları arasında koordinasiya gücləndirilməli və bu prosesə vətəndaş cəmiyyəti də cəlb olunmalıdır.

Qeyd edək ki, Q.Liluaşvili hazırda DTX rəhbərinin vəzifəsini icra edir. Gürcüstan hökuməti oktyabrın 7-də onun xidmət rəisi vəzifəsinə namizədliyini parlamentə təqdim edib.