Gürcüstan və Azərbaycan gömrük orqanlarının qarşılıqlı fəaliyyəti daha da gücləndiriləcək

Manshet Siyasət

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanda səfərdə olan Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin rəisi Vaxtanq Laşkaradze ilə görüşüb.

Nsa.ge ONA-ya istinadən xəbər verir ki, Səfər Mehdiyev Azərbaycan-Gürcüstan münasibətlərinə toxunaraq ildən-ilə bu münasibətlərin dərinləşdiyini və regionda həyata keçirilən birgə layihələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Gürcüstan və Azərbaycanın dost və tərəfdaş ölkələr kimi uğurlu inkişaf yolu ilə sürətlə irəlilədiklərini bildirən Komitə sədri, eyni zamanda, iki qonşu ölkənin ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

DGK sədri bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, gömrük sferasında da qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Lakin Səfər Mehdiyev bununla kifayətlənməməyin, Azərbaycan və Gürcüstan gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyini nəzərə çatdırıb.

Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin rəisi cənab Vaxtanq Laşkaradze iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın bütün sahələrdə, o cümlədən gömrük sferasında daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.