Gürcüstanın Dövlət Audit Xidməti Marneulidə pozuntular aşkar edib

Manshet Siyasət

Gürcüstanın Dövlət Audit Xidməti Marneuli şəhərində 2017-2018-ci il büdcəsi əsasında həyata keçirilən proqramlar üzrə araşdırma həyata keçirib.

Nsa.ge Report-a istinadən xəbər verir ki, araşdırma zamanı iki hal üzrə pozuntular aşkar olunub.

Pozuntulardan biri Marneuli şəhərinin içməli və suvarma suyu ilə təchiz edən şirkətlə bağlıdır. Müəyyən olunub ki, MMC-nin kirayələdiyi nasos stansiyasının dəyəri beş il ərzində 36 min laridən 180 min lariyədək artıb. Nəticədə rayon bələdiyyəsinə külli miqdarda zərər dəyib.

Digər pozuntu isə kəndlərdə yolların çəkilməsi sahəsində aşkar olunub. 2017-2018-ci illərdə Marneuli bələdiyyəsi “TSI” MMC ilə elektron tender vasitəsilə müqavilələr imzalayıb. Sənədlərə əsasən 9 kənddə 128,5 min lari dəyərində yol tikintisi işləri həyata keçirilməli idi. Auditorlar qrupu yerinə yetirilən işlərə baxış keçirən zaman inert materiallardan az miqdarda istifadə olunması və smetada qeyd olunmuş tələbə uyğunsuzluq müəyyən edib.

Dövlət Audit Xidməti hər iki pozuntu faktı ilə bağlı ölkənin Baş Prokurorluğuna müraciət edib.