Gürcüstanlı deputatlar AŞPA-nın payız sessiyasının açılışına qatılmayacaqlar

Siyasət

Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun payız sessiyasının açılış mərasimində iştirak etməyəcək.

Nsa.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri, nümayəndə heyətinin AŞPA-dakı rəhbəri Tamar Çuqoşvili “İmedi” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın AŞPA-ya geri qəbul edilməsi belə bir qərarın qəbul edilməsinə səbəb olub.

Ukrayna ilə həmrəy olduqlarını vurğulayan T. Çuqoşvili qeyd edib ki, Gürcüstan nümayəndə heyəti AŞPA-nın payız sessiyasının açılış mərasimi ilə bağlı təntənəli xarakter daşıyan müxtəlif tədbirlərdə və görüşlərdə, eyni zamanda plenar sessiyalarda iştirak etməyəcək.

“Bu, bizim qərarımızdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır.

Xatırladaq ki, bu il Rusiya 5 illik fasilədən sonra AŞPA-ya geri qəbul edilib. 

Rusiyanın 2014-cü ildə Krımı ilhaqından sonra AŞPA-dakı Rusiya nümayəndə heyətinin səsvermə hüququ əlindən alınıb. Rusiya buna etiraz olaraq, 2016-cı ildən nümayəndə heyətini AŞPA-ya göndərməmə barədə qərar qəbul edib.