Hakim Gürcü Arzusu partiyası baş nazir vəzifəsinə namizədini təqdim etdi

Manshet Siyasət

Hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının iclasında Daxili İşlər naziri Giorgi Qaxarianın Baş nazir postuna namizədliyi irəli sürülüb.

Nsa.ge xəbər verir ki, bu barədə partiyanın sədri Bidzina İvanişvili keçirdiyi brifinqdə məlumat verib.   

“Bu gün səhər biz “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının Siyasi Şurasının iclasını keçirdik. Siyasi məclisdə mən, partiya sədri olaraq, Baş nazirin Giorgi Qaxaria olması üçün namizədliyini irəli sürdüm. Bu qərarda tam dəstək aldıq. Həm siz, həm də ictimaiyyət Giorgi Qaxaria ilə tanışsınız. Düşünürəm ki, o, biznes ombudsmanı, İqtisadiyyat naziri, Daxili İşlər naziri vəzifələrini uğurla icra edib və bu vəzifəyə namizəd olmağa layiq olub. Hesab edirəm ki, parlament bunu mütləq təsdiqləyəcək”, – deyə Bidzina İvanişvili bildirib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri Mamuka Baxtadze ötən gün istefa verib. O, 2018-ci ilin iyunundan bu vəzifəni icra edib.