Hakim partiya proporsional seçki sistemi ilə bağlı görüş keçirib, etirazçılar “utanc dəhlizi” yaradıb

Manshet Siyasət

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Tbilisidə “Proporsional seçkilər 2020” mövzusuna həsr olunmuş görüş keçirib.

Nsa.ge xəbər verir ki, hakim partiyanın rəsmiləri, QHT, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə proporsional seçki sisteminə keçidlə bağlı məsələlər müzakirə olunub.

Gürcü Arzusu Partiyasının icraçı katibi, keçmiş spiker İrakli Kobaxidze bildirib ki, proporsional sistemə keçid əhəmiyyətli təşəbbüsdür: “Bu təşəbbüs Gürcüstanda siyasi və partiya sisteminin inkişafı və keyfiyyətcə yeni mərhələyə keçid üçün imkan verir. Nəticə etibarilə bu, bizim demokratik sistemin inkişafı üçün fundamental addımdır”.

O deyib ki, proporsional sistemə keçidlə bağlı qanunun parlamentdə qəbulu konsensus tələb edir.

İcraçı katib həmçinin qeyd edib ki, parlament çoxluğu siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı yeni qaydaların hazırlanması üzərində iş aparır. Onun sözlərinə görə, mövcud maliyyələşdirmə sistemində müəyyən boşluqlar var.

Gürcüstanın aparıcı müxalifət partiyaları təqdimat mərasimində iştirakdan imtina ediblər. Tədbirin keçirildiyi hotelin həyətində daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə aksiya keçirilir. Aksiyaçılar “utanc dəhlizi” yaradıblar və tədbirə qatılan qonaqlar həmin “dəhliz”dən keçməyə məcbur olub.