Marneulidə seçkilər üçün bülletenlər 3 dildə çap olunacaq

Manshet Siyasət

Gürcüstanda mayın 19-a keçiriləcək növbədənkənar və aralıq seçkilər üçün bülletenlərin çapına başlanılıb.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Komissiyası (MSK) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə, 370 300 bülleten çap olunacaq. Bunlardan 39 500-ü Gürcüstan parlamentinə, 19 750-si yerli məşvərət orqanlarına, 311 050-si isə icra başçısı vəzifələrinə keçiriləcək seçkilər üçün nəzərdə tutulub.

Marneuli rayonunun icra başçısı seçkiləri üçün bülletenlər Gürcü, Azərbaycan və Erməni dillərində çap olunacaq.

MSK çap olunmuş bülletenləri səsvermə prosesinin başlanmasına ən azı 12 saat qalmış dairə seçki komissiyalarına təqdim etməlidir.

Qeyd edək ki, mayın 19-da qonşu ölkədə Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo, Zestafoni və Marneuli rayonlarına isə icra başçıları seçiləcək. Aralıq parlament seçkilərində isə Tbilisinin Mtatsminda rayonunun majoritar dairəsindən deputat seçiləcək. Gürcüstan prezidenti Salome Zurabişvili dövlət başçısı seçilənə qədər qanunverici orqanda məhz bu rayondan deputat olub.

NSA.GE