Mixail Saakaşvili Gürcüstana qayıdır? – Azər Süleymanov açıqladı

Manshet Siyasət

“Əhali Saakaşvilini dəvət edir ki, “gəl, bu dövləti düzəlt, Gürcüstan dağılmaq üzrədir”. Ona görə də biz Saakaşvilini gözləyirik, seçkiyə yaxın gəlməlidir”

Nsa.ge-nin məlumatına görə, bu sözləri mətbuata açıqlamasında müxalif Vahid Milli Hərəkat (VMH) partiyasının parlament deputatı Azər Süleymanov deyib.

Xatırladaq ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Mtavari Arxi” televiziyasına müsahibəsində 2020-ci ilin parlament seçkisinə qədər Gürcüstana geri dönəcəyini bildirib.

“Yaxın aylarda Gürcüstana gəlməyi planlaşdırıram. Burada gizlədəsi heç nə yoxdur. Ukraynada özümü yaxşı hiss edirəm, amma biz vətənimizi itiririk”, – deyə o, qeyd edib.

Saakaşvili gürcü xalqıyla birgə Bidzina İvanişvilinin Gürcüstandakı hakimiyyətinə son qoyacağını deyib: “Mən gürcü xalqıyla birgəyəm. Mən siyasətçi deyiləm, mən müasir gürcü dövlətçiliyinin təsisçisiyəm, Gürcüstan vətənpərvəriyəm. Məni Gürcüstanda tutub-tutmayacaqları xalqdan asılıdır. Mən Ukraynada həbsdən qorxmadım, öz ölkəmdə də qorxmuram”.

VMH Partiyasının üzvü, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bu msələdə açıqlama verib.

“Saakaşvili əvvələr də Gürcüstana qayıdacağını açıqlamışdı. Amma o, pasportu olmadığına görə heç bir vəsiqə ilə Gürcüstana gələ bilmədi. Artıq Saakaşvili Ukrayna vətəndaşıdır, özü də Ukrayna siyasətində aktiv iştirak edir. Mən özüm iki həftə bundan əvvəl Saakaşvilinin yanında olmuşdum, görüşlərimiz oldu, Gürcüstanda qayıtmaq fikrini mən gələndə də açıq demişdi. Sadəcə, artıq Ukrayna vətəndaşı olduğuna görə, Gürcüstana gəlmək və Gürcüstanda da siyasi proseslərə qarşımaq niyyətindədir. Onunla bağlı açıqlama da verdi.

Saakaşvilinin qurduğu Gürücüstan bu gün darmadağın olmağa başlayıb və bir kriminal rejimin əlində qalıb. Əlbəttə, biz də onun Gürcüstana qayıtmasını istəyirik. Saakşvilinin bu gün azərbaycanlılardan, gürcülərdən və başqa millətlərdən ibarət böyük bir dəstəsi var. Saakaşvili demək olar ki, ən böyük reytinqə malikdir. Sosial şəbəkələrdə insanlar artıq aktivləşib, əhali özü Saakaşvilini dəvət edir ki, “gəl, bu dövləti düzəlt, Gürcüstan dağılmaq üzrədir”. Ona görə də biz Saakaşvilini gözləyirik, seçkiyə yaxın gəlməlidir. O, vaxtını da qoyub ki, nə vaxt Gürcüstana gələcək. Saakaşvili gəlib hər suala cavab verməyə də hazırdır. Sadəcə, Gürücüstana gəlməyə icazə vermirdilər, amma indi heç kim qarşısını ala billməz” – deyə A. Süleymanov qeyd edib.