Nazir: “Axalkalaki rayonunda ermənilərin yerli dövlət orqanlarında təmsilçiliyi azərbaycanlıların yaşadığı Marneuli rayonu ilə müqayisədə yüksək səviyyədədir”

Manshet Siyasət

“Axalkalaki rayonunda ermənilərin yerli dövlət orqanlarında təmsilçiliyi azərbaycanlıların yaşadığı Marneuli rayonu ilə müqayisədə yüksək səviyyədədir”

Nsa.ge Reporta istinadən xəbərverir ki, bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili “Milli azlıqların qərar qəbuletmə prosesində iştirakı” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.

Ketevan Tsixelaşvili milli azlıqların inteqrasiyasının hökumətin əsas prioritetlərindən biri olduğunu deyib.

“Bu sahədə dövlətlə yanaşı, vətəndaş cəmiyyətinin də fəal iştirakı tələb olunur. Dövlətin dəstəyi ilə həyata keçirilən layihə və proqramlar sayəsində milli azlıqların dövlət qurumlarında təmsilçiliyinin artırılması ilə bağlı müsbət nəticələr əldə olunub”.

Dövlət naziri qeyd edib ki, parlamentdə milli azlıqlar proporsional səviyyədə təmsil olunmayıblar.

K.Tsixelaşvili milli azlıqların ali məktəblərə qəbul olunması üzrə həyata keçirilən “1+4” proqramı ilə bağlı əldə olunan uğurlardan danışıb. 

Onun sözlərinə görə, ildən-ilə bu proqramla universitetlərə qəbul olan gənclərin sayı artır.

“Dövlət qurumlarında 2017-ci ildən həyata keçirilən təcrübə proqramında 300-ə yaxın gənc iştirak edib. Onların bəziləri bu proqramdan təkrar yararlanıb. Bu proqram davam etdirilir və gənclərin sayının 500-ə çatacağı gözlənilir. Həmin gənclər dövlət dilini lazımi səviyyədə bilməklə yanaşı, dövlət qurumlarında iş təcrübəsinə də malik olurlar və bu da onların peşəkar kadra çevrilməsinə kömək edir”.

Qeyd edək ki, dəyirmi masa milli azlıqların inteqrasiyası, dövlət dilinin tədrisindəki problemlər, mərkəzi dövlət strukturlarında təmsilçiliyi, ölkənin sosial-iqtisadi və siyasi həyatında iştirakı və digər mövzular üzrə müzakirələr aparılıb. Tədbirdə ombudsman yanında Milli azlıqlar şurasının üzvləri, etnik azlıqların təmsil olunduqları QHT təmsilçiləri iştirak ediblər.