Nazir: “Ölkəmizdə milli azlıqlar üçün nəzərdə tutulan ali təhsil üzrə proqram təkmilləşdiriləcək”

Manshet Siyasət

“Gürcüstanda milli azlıqlardan olan gənclərin ali məktəblərə qəbulu üçün həyata keçirilən “1+4” proqramı təkmilləşdiriləcək”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili qeyd olunan proqramla bağlı aparılmış araşdırmanın nəticələrinin təqdimatında bildirib.

Onun sözlərinə görə, araşdırma nəticəsində proqramın müsbət tərəfləri və mövcud problemlər müəyyən olunub: “Bizim vətəndaşlar xarici ölkələrdə deyil, daha çox öz vətənlərində təhsil almağa üstünlük verirlər. Gürcüstan hökuməti də insan resurslarının ölkəni tərk etməməsində maraqlıdır. Biz araşdırmanın nəticələrindən istifadə edərək “1+4” proqramının effektivliyinin artırılması istiqamətində iş aparacağıq”.

K.Tsixelaşvili proqramın artıq kifayət qədər uğurlu olduğunu deyib. O, 2010-cu illə müqayisədə bu proqram üzrə ali məktəblərə qəbul olan tələbələrinin sayının yeddi dəfə artdığını qeyd edib.

Tədbirin sonunda “1+4” proqramı üzrə təhsil alan və dövlət qurumlarında təcrübə keçən uğurlu gənclərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Mərasimdə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze, Dövlət Xidmətləri Bürosunun direktoru Eka Kardava və digər rəsmi şəxslər iştirak ediblər.