Parlamentdə Giorgi Qaxarianın dinlənməsi prosesi təxirə salınıb – SƏBƏB?

Manshet Siyasət

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası hakim “Gürcü Arzusu” partiyasından Baş Nazir vəzifəsinə namizəd olan Giorgi Qaxarianın parlamentdə keçirilən dinləməsini boykot edib.

Nsa.ge xəbər verir ki, parlamentdə gərginlik fraksiya dinləməsinin başladığı ilk saatlardan müşahidə edilib.

Belə ki, sessiyanın açılışı zamanı iclas zalındakı böyük monitorda bu il iyunun 20-21-də Tbilisinin Rustavi prospektində baş verən polis-vətəndaş qarşıdurmasının görüntüləri əks etdirilib. Fraksiya sədri Roman Qotsiridze bildirib ki, cəmiyyət hələ də bu hadisələrdə kimin günahkar olduğunu tapmağa çalışır. O, məsələ ilə əlaqədar məsuliyyətin Giorgi Qaxarianın üzərinə düşdüyünü qeyd edib. 

“Sualımızı indi ekranda gördüyünüz video ilə başlamaq istəyirik. Bu çətin sualı bu gün insanlar, bütün ölkə soruşur. Niyə və kim günahkardır?” – deyə Roman Gotsiridze bildirib .

Fraksiya üzvləri suallarını ünvanladıqdan sonra Baş Nazir vəzifəsinə namizəd olan Giorgi Qaxarianın çıxışı başlayıb. Lakin “Vahid Milli Hərəkat” fraksiyasının üzvü Salome Samadaşvili Girogi Qaxarianın çıxışı zamanı ona qulaq asmağın doğru olmadığını bildirib və fraksiya sədri Roman Qotsiridzedən iclasın təxirə salınmasını istəyib. 

Fraksiya sədri təkliflə razılaşıb və deputatlar iclas zalını tərk edərək parlament binası ətrafında keçirilən “Utanc” aksiyasına qoşulublar.

Giorgi Qaxaria cavabında müxalif partiyaları yalan danışmaqda və iyunun 20-21-də baş verən hadisələrin qurbanlarında öz siyasi mənafeləri naminə istifadə etməkdə günahlandırıb: “Həqiqət budur ki, iyunun 20-də insanlar dinc şəkildə etiraz aksiyası keçirirdilər. Bəzi məsuliyyətsiz siyasətçilər vəziyyəti gərginləşdirdi və radikal çağırışlar etdilər. Biz bu çağırışlardan sonra əziyyət çəkdik”.

G. Qaxaria “Vahid Milli Hərəkat” partiyasını bitirəcəyi ilə hədələyib.