Partiyaların seçkilərdə blok halında iştirakı qadağan oluna bilər

Manshet Siyasət

Gürcüstan konstitusiyasına ediləcək düzəlişlərə əsasən, 2020-ci ildən siyasi partiyalar seçkilərdə blok halında iştirak edə bilməyəcəklər.

Nsa.ge xəbər verir ki, bu düzəliş Gürcüstanın müxalifət partiyaları arasında ciddi narazılığa səbəb olub.

Müxalifətçilər bildiriblər ki, siyasi blokları ləğv etməklə hakim Gürcü Arzusu Partiyası müxalifəti parçalamaq məqsədi güdür.

Müxalif Avropalı Gürcüstan partiyasının üzvü Serqo Ratiani hesab edir ki, siyasi bloklar saxlanılmalıdır. Onun sözlərinə görə, düzəlişlərlə bağlı müzakirələr geniş formatda keçirilməli və prosesə QHT sektoru, ekspert və beynəlxalq təşkilatlar da cəlb olunmalıdır.

Vahid Milli Hərəkat Partiyası da blokların qadağan olunmasını arzuolunmaz adlandırıb. Partiya təmsilçiləri bildiriblər ki, bu qadağanı nəzərdə tutan düzəlişlərin müzakirəsi zamanı xarici tərəfdaşların və beynəlxalq təşkilatların da fikirləri öyrənilməlidir.

Qeyd edək ki, hakim Gürcü Arzusu Partiyasının qərarı ilə 2020-ci ildə parlament seçkiləri proporsional seçki sistemi üzrə keçiriləcək. Bununla bağlı ölkə konstitusiyasına düzəlişləri nəzərdə tutan qanun layihəsi hazırlanıb. Gələn həftə Gürcüstan parlamentində sənədin müzakirəsinə başlanılacaq.

Proporsional seçki sisteminə keçid qonşu ölkədə son günlər davam edən etiraz aksiyalarının əsas tələblərindən biri olub.