Səfir: “Azərbaycanla birlikdə sərhəd məsələsini strateji tərəfdaşlığa yaraşan tərzdə həll edəcəyik”

Manshet Siyasət

“İki tərəfin razılaşması nəticəsində sərhədlər delimitasiya və demarkasiya olunacaq və əminəm ki, Azərbaycanla birlikdə bu məsələni qarşılıqlı əlaqələrə, strateji tərəfdaşlıq və qardaşlığa yaraşan bir tərzdə həll edəcəyik”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” proqramına müsahibəsində bildirib.

Z.Pataradze bildirib ki, təxminən 1-2 həftə ərzində ekspertlərin səyyar görüşü olacaq, bundan sonra isə komissiya üzvləri Tbilisidə toplaşacaq: “Bu, mühüm və uzunmüddətli prosesdir. Lakin biz mərhələli şəkildə irəliləyirik. Çalışırıq ki, ölkələrimizin, xalqlarımızın, əhalinin maraqları nəzərə alınsın. Ölkələrimiz arasında olan dostluq ruhunu qoruyub saxlamalı, onun dərinləşməsi və güclənməsi üçün səylərimizi əsirgəməməliyik”.

Diplomatın sözlərinə görə, komissiyanın tərkibinə peşəkar kadrlar daxildir: “Bu yaxınlarda komissiyanın fəaliyyəti yeniləndi. Azərbaycan tərəfindən komissiyaya təcrübəli diplomat Xələf Xələfov, Gürcüstan tərəfindən də təcrübəli diplomat Laşa Darsalia sədrlik edir. Habelə bu yaxınlarda Bakıda komissiyanın növbəti toplantısı keçirildi. Toplantıda bir sıra məsələlər nəzərdən keçirildi. Qərara gəldik ki, yaxın vaxtlarda ekspertlər birbaşa dislokasiya yerində görüşsünlər və razılaşdırılmamış zonalara baxış keçirsinlər. Bu, ikitərəfli prosesdir”.

Səfir deyib ki, sərhədin delimitasiya və demarkasiya məsələsi son zamanlar fəal müzakirə olunur: “Bu, əlbəttə ki, mühüm bir məsələdir. Ölkələrimizdə müstəqillik elan olunduğu ilk günlərdən, hər bir hakimiyət və hökumət dövründə bu məsələ gündəmdə olub. Komissiyanın fəaliyyəti nəticəsində bu gün artıq sərhədin 2/3 hissəsi razılaşdırılıb”.