“Təxribat hazırladılar, ancaq alınmadı” – Abazovun həbsindən bir il ötür

Manshet Siyasət

Bu gün, 13 iyun tarixində Marneulinin sabiq meri Temur Abazovun həbsindən bir il ötür.

Nsa.ge Marneulifm-ə istinadən xəbər verir ki, Abazov Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftarda ittiham olunurdu.

O, bir ildən sonra deyir ki, onun üçün hazırlanan təxribat alınmadı.

Təxribat hazırladılar, ancaq alınmadı – təxribata cəhd etdilər”, – Temur Abazov deyir və şübhəli hesab etdiyi şəxslərin adını qeyd etməkdən imtina edir.

Marneuli radiosu Elçin Allahverdiyevin müsahibəsini yazmağa da cəhd etdi, ancaq o, müsahibədən imtina etdi və replika şəklində bir neçə cümlə dedi.

Hamı baş verən hər şeyi bilir. Bu haqda dövlətin də yaxşı məlumatı var. Çox adam çox söz deyəcək”, – Allahverdiyev dedi.

Xatırladaq ki, Marneuli merinə qarşı cinayət işi Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə başlayıb. Həmin maddə məmur və ya onun səviyyəsində olan adam tərəfindən alçaldıcı və qeyri-insani rəftarı nəzərdə tutur. 6 sentyabr tarixində Marneuli meri Temur Abazovun ittihamı ağırlaşdırıldı və istintaqa Cinayət Məcəlləsinin 25, 157.1 maddəsinin birinci və ikinci hissəsləri də əlavə olundu. Həmin maddə şəxsi həyatı təsvir edən materialın əldə edilməsi, təşkili, internet və sosial şəbəkələrdə yayılmasını nəzərdə tutur. Temur Abazov 7 ay ərzində həbsdə olub. 2018-ci ilin 13 dekabrında isə 10 000 larilik girov qarşılığında azad edilib.

Qeyd edək ki, ona qarşı yekun hökm isə hələ çıxarılmayıb.