Tusk Rusiyanın Gürcüstana uçuşların dayandırılması qərarını ədalətsiz hesab edir

Manshet Siyasət

“Rusiyanın Gürcüstana uçuların dayandırılması ilə bağlı qərarı qeyri-proporsional və ədalətsizdir”.

Nsa.ge xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Batumidə “Şərq Tərəfdaşlığı”nın 10-cu ildönümünə həsr edilmiş 1-ci investisiya forumunda deyib.

O bildirib ki, Avropa İttifaqı Gürcüstanla tam həmrəydir.

“Rusiyanın Gürcüstana uçuşları dayandırmasına haqq qazandırmırıq. Avropa İttifaqı bu məsələdə Gürcüstanla tam həmrəylik içindədir. Biz bir daha Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyimizi bəyan edirik. Bizim paylaşdığımız ortaq dəyərlər var”, – deyə Donald Tusk bildirib.

Qeyd edək ki, Rusiyadan Gürcüstana birbaşa aviareyslər iyulun 8-dən dayandırılıb. Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinin Gürcüstan ərazisinə birbaşa reyslər yerinə yetirməsini qadağan edən fərman imzalayıb.

İki ölkə arasında münasibətlər isə rusiyalı siyasətçilərin Gürcüstan parlamentində keçirilən tədbirdə iştirakı və çıxışından sonra gərginləşib. Xüsusən rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamentinin spikerinin kreslosundan çıxış etməsi kütləvi etirazlara və parlament binasına hücumlara səbəb olub.