XİN başçısı: “Azərbaycanla sərhədin razılaşdırılmamış sahələrinə ekspertlərin birgə baxışının təşkili üçün işlər davam etdirilir”

Manshet Siyasət

“Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın normal şəraitdə fəaliyyət göstərməsinə imkan verilməlidir”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə bildirib.

XİN başçısı deyib ki, sərhədin razılaşdırılmamış sahələrinə ekspertlərin birgə baxışının həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

D.Zalkaliani qeyd edib ki, David Qareci (Keşikçi Dağı) Məbəd-Kompleksi həssas məsələdir və spekulyasiyalar yolverilməzdir.

Nazir əlavə edib ki, ekspertlərin birgə baxışı üçün hər iki tərəfə uyğun vaxt müəyyən olunur: “Komissiyanın tərkibində sərhəd polisi, həmçinin müdafiə və daxili işlər nazirliklərinin nümayəndə və ekspertləri, kartoqraflar təmsil olunurlar. Ekspertlər birgə baxışı həyata keçirib vəziyyəti araşdıracaqlar. Bu səfərin nə vaxt baş tutacağı barədə ictimaiyyət məlumatlandırılacaq”.